Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılıb? – RƏSMİ AÇIQLAMA
Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasında bəzi kommunal xidmətlərin dayandırılacağı barədə iddialara aydınlıq gətirilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən belə bir qərar verilməyib.
“Binanın su təminatında heç bir problem yoxdur”, – deyə o qeyd edib.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu da Oxu.Az-a açıqlamasında deyib ki, sözügedən binada elektrik enerjisinin verilişi dayandırılmayıb.
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyevə də sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusunu cavablandıran E.Vəliyev “Azəriqaz” tərəfindən binada hər hansı məhdudlaşdırılma olmadığını qeyd etdi:
“Sözügedən bina sakinləri ilə bizim qurumun heç bir problemi yoxdur. Çünki binalarda quraşdırılan sayğaclar smart-kart tipli sayğaclardır. Yəni abonentlər əvvəlcədən ödənişini edəndən sonra mavi yanacaqdan istifadə edirlər”.